Həsən Hüseynsoy: Kiçik bizneslərin sosial mediada etdiyi 5 əsas səhv
9 mins read

Həsən Hüseynsoy: Kiçik bizneslərin sosial mediada etdiyi 5 əsas səhv

Sosial media kiçik bizneslər üçün artıq sadəcə məhsulu göstərmək və əlaqə nömrəsi paylaşmaq üçün istifadə olunan platforma deyil. Müştərinin brendlə ilk qarşılaşması, məhsul haqqında ilkin təsəvvürü və hətta alış qərarının formalaşması çox zaman sosial şəbəkədən başlayır.

Azərbaycanda da sosial medianın əhatəsi kifayət qədər genişdir: 2025-ci ilin əvvəlində ölkədə 6,73 milyon sosial media istifadəçi identikliyi qeydə alınmışdı.

Bununla belə, sosial mediada aktiv olmaq avtomatik olaraq nəticə əldə etmək demək deyil. Xüsusilə kiçik bizneslərdə səhifənin davamlı idarə olunmasına baxmayaraq, müraciət və satışların gözlənilən səviyyədə olmaması ilə tez-tez qarşılaşmaq mümkündür.

Rəqəmsal marketinq və SMM mütəxəssisi Həsən Hüseynsoy kiçik bizneslərin sosial mediada ən çox yol verdiyi səhvlər və onların aradan qaldırılması yolları barədə fikirlərini Canlixeber.com-la bölüşüb.

Sosial medianı sadəcə satış vitrini kimi görmək

Məncə, kiçik bizneslərin ən çox etdiyi səhvlərdən biri sosial medianı yalnız məhsul satılan yer kimi görməkdir. Səhifəyə daxil oluruq və ard-arda məhsul fotoları, qiymətlər, endirimlər və “sifariş üçün DM” tipli paylaşımlar görürük.

Təbii ki, biznesin məqsədi satışdır. Amma sosial media kataloq deyil. İnsan platformaya daxil olanda hər dəfə alış-veriş etmək niyyətində olmur. O, nəyisə öyrənmək, maraqlı bir şey görmək, fikir əldə etmək və ya yeni brend kəşf etmək üçün də sosial şəbəkədən istifadə edir. Araşdırmalar göstərir ki, insanlar yeni brendləri müxtəlif mənbələrdən kəşf edir və sosial media bu prosesdə mühüm rol oynayır.

Ona görə hesab edirəm ki, biznes ilk olaraq öz auditoriyasına səbəb verməlidir ki, həmin səhifədə qalsın. Faydalı kontent, maraqlı təqdimat, məhsulun real istifadəsi, müştəri təcrübəsi və düzgün hekayələndirmə burada çox vacibdir.

Mən bunu belə görürəm: əvvəl diqqət, sonra maraq, sonra etibar və nəticədə satış. Hər paylaşımın birbaşa məhsul satması məcburi deyil.

“Mənim müştərim hamıdır” düşüncəsi

Kiçik biznes sahiblərindən tez-tez “Bizim məhsul hamıya uyğundur” fikrini eşidirəm. Əslində isə marketinq baxımından bu, çox təhlükəli yanaşmadır.

Çünki hamıya danışmağa çalışanda mesaj qeyri-müəyyənləşir. 20 yaşlı bir insanın diqqətini çəkən yanaşma ilə 40 yaşlı insanın diqqət etdiyi məqam eyni olmaya bilər.

Məncə, biznes əvvəlcə öz auditoriyasını dəqiq tanımalıdır. Sadəcə yaş və cins kifayət etmir. Həmin insanın problemi nədir, nə axtarır, nə üçün bu məhsula ehtiyacı var, alış qərarını nə təsirləndirir — bunları bilmək lazımdır.

Mənim yanaşmam belədir: sosial mediada hamıya danışmaq əvəzinə, doğru insana doğru mesajı vermək lazımdır.

Məsələn, Azərbaycanda Instagram-ın reklam auditoriyası 2026-cı ilin iyulunda təxminən 4,74 milyon göstərilib. Bu, böyük rəqəmdir, amma bu o demək deyil ki, həmin insanların hamısı sizin müştərinizdir. Əsas məsələ platformadakı auditoriyanın içərisindən sizin real müştərinizi tapmaqdır.

Qarşıya çıxan hər trendə qoşulmaq

Son illərdə sosial mediada trend anlayışı çox sürətlənib. Bəzən bir mövzu bir neçə saat ərzində viral olur və bizneslər də dərhal həmin trendlə bağlı paylaşım etməyə çalışırlar.

Amma mən hesab edirəm ki, trendə qoşulmaqla düzgün Real-Time Marketing etmək eyni şey deyil.

RTM-də əsas məsələ trendi görmək deyil. Əsas məsələ onun brendlə əlaqəsini tapmaqdır. Əgər trend sizin brendin kimliyinə, auditoriyasına və kommunikasiya dilinə uyğun gəlmirsə, sırf baxış toplamaq üçün ondan istifadə etməyin çox mənası yoxdur.

Mən hər trend üçün biznesin özünə bir sual verməsini məsləhət görərdim:

“Bu trend mənim brendim üçün həqiqətən nə ifadə edir?”

Çünki viral olmaq və faydalı olmaq eyni şey deyil. Bəzən çox baxış alan kontent brendə heç bir real nəticə gətirmir, amma daha az görünən, düzgün hazırlanmış bir paylaşım real müştəri yarada bilir.

Kontentin mərkəzinə müştərini yox, özünü qoymaq

Məncə, bizneslərin kommunikasiya dilində ən çox rast gəlinən problemlərdən biri budur. “10 illik təcrübəmiz var”, “ən yüksək keyfiyyət”, “peşəkar komandamız var” kimi cümlələr demək olar ki, hər sahədə istifadə olunur.
Amma müştərinin düşündüyü əsas sual başqadır:

“Bunun mənə nə faydası var?”

Biznes özünü təqdim etməlidir, amma kommunikasiya yalnız “biz” üzərində qurulmamalıdır.

Məsələn, “Yeni kolleksiyamız satışdadır” deməkdənsə, həmin kolleksiyanın insanın hansı ehtiyacını qarşıladığını göstərmək daha maraqlı ola bilər. “Bu payız üçün 3 rahat ofis kombini” demək müştərinin özünü həmin kontentin içində görməsinə daha çox imkan yaradır.

Mən buna sadə yanaşıram: məhsulu yox, məhsulun yaratdığı nəticəni göstərmək lazımdır.
Uğuru yalnız baxış və izləyici sayı ilə ölçmək

Sosial mediada rəqəmlər çox aldadıcı ola bilər.

Bir videonun 100 min baxış alması, əlbəttə, yaxşı nəticədir. Amma mənim üçün bundan sonra daha vacib suallar başlayır: neçə nəfər maraqlandı, neçə nəfər yazdı, neçə potensial müştəri yarandı və nəticədə neçə satış oldu?

100 min baxış alıb heç bir müraciət gətirməyən video ilə 10 min baxış alıb real müştəri gətirən videonu eyni nəticə kimi qiymətləndirmək düzgün deyil.

2026-cı il HubSpot araşdırmasında qısa video marketoloqlar tərəfindən ən yüksək ROI gətirən kontent formatı kimi göstərilir. Amma burada da əsas məqam yalnız formatın populyar olması deyil. Həmin formatın konkret biznes üçün hansı nəticəni yaratdığıdır.

Məncə, bizneslər yalnız izləyici və baxış sayına yox, müraciət, potensial müştəri, satış və digər real biznes göstəricilərinə də baxmalıdır.

Kiçik biznes sosial mediada nə etməlidir?

Mənim fikrimcə, kiçik biznesin sosial mediada uğur qazanması üçün hər zaman böyük büdcəyə ehtiyac yoxdur. Əsas üstünlüklərdən biri çeviklikdir.
Kiçik biznes auditoriyasını daha yaxından tanıya, daha sürətli reaksiya verə, daha səmimi ünsiyyət qura və öz kommunikasiya dilini daha rahat formalaşdıra bilər.

Amma bunun üçün əvvəlcə sosial medianın məqsədini düzgün müəyyənləşdirmək lazımdır.

Sosial media sadəcə “bu gün də bir paylaşım edək” məntiqi ilə idarə olunmamalıdır. Biznes bilməlidir ki, nə paylaşır, niyə paylaşır, kimə danışır və sonda hansı nəticəni gözləyir.

Mən həmişə bunu deyirəm: kiçik biznes sosial mediada böyük görünməyə çalışmazdan əvvəl düzgün görünməyə çalışmalıdır.

Çünki sosial media hesabının aktiv olması başqa şeydir, həmin hesabın biznes üçün işləməsi isə tamam başqa şey.