Sosial şəbəkələr peşəkar jurnalistikaya necə təsir edir?
4 mins read

Sosial şəbəkələr peşəkar jurnalistikaya necə təsir edir?

İnformasiyanın saniyələr ərzində milyonlarla insana çatdığı müasir dövrdə sosial şəbəkələr xəbərin istehsalı və yayılması prosesini köklü şəkildə dəyişib. Artıq hadisələrin ilk görüntüləri və məlumatları çox vaxt peşəkar media qurumlarından əvvəl sosial platformalarda paylaşılır. Bu isə ənənəvi jurnalistikanın fəaliyyət prinsiplərinə, xəbərin yoxlanılması prosesinə, auditoriya ilə münasibətlərə və media etibarına yeni çağırışlar yaradır.

Bir tərəfdən sosial şəbəkələr jurnalistlər üçün operativ informasiya mənbəyi və geniş auditoriyaya çıxış imkanı yaratsa da, digər tərəfdən dezinformasiyanın sürətlə yayılması, klik uğrunda rəqabət və peşə etikası ilə bağlı problemləri də gündəmə gətirir. Bəs sosial şəbəkələr peşəkar jurnalistikanın inkişafına necə təsir göstərir və bu iki informasiya mühiti arasında balansı qorumaq mümkündürmü?

Mövzu ilə bağlı Canlixeber.com-a danışan media eksperti Töhfə Səmədova bildirib ki, düşünülənin əksinə, sosial şəbəkələrin sürətli inkişafı peşəkar jurnalistikanı sıradan çıxarmayıb, əksinə, onun mahiyyətini, standartlarını və cəmiyyətdəki əsas missiyasını yenidən təyin edib:


“Belə ki, əgər əvvəllər ənənəvi media informasiya üzərində təkbaşına söz sahibi idisə, bu gün hər bir sosial şəbəkə istifadəçisi potensial xəbər mənbəyinə çevrilib və hadisə yerindən ilk görüntülər saniyələr içində yayılır. Xüsusilə son dönəmlərdə “Tik-tok” platformasını buna əsas nümunə kimi göstərmək olar. Hadisə baş verən kimi, elə yerindəcə videolar paylaşılır və ya canlı yayım vasitəsilə hadisə yerindəcə xalqa çatdırılır. Bu vəziyyət bir tərəfdən jurnalistlərə operativlik, mənbələrə birbaşa çıxış və multimediadan istifadə etməklə daha cəlbedici hekayələr danışmaq imkanı versə də, digər tərəfdən böyük bir informasiya kirliliyi, dezinformasiya və feyk xəbər dalğası yaradır”.

Ekspert qeyd edib ki, sosial şəbəkə alqoritmlərinin sensasiya və klikaxtarışını təşviq etdiyi bir dövrdə peşəkar jurnalist üçün ən böyük sınaq dəqiqliyi sürətə qurban verməməkdir:


“Belə ki, qeyd etdiyim kimi, yerindəcə hadisə çəkilib paylaşılsa da, bəzən bu zaman istəmədən yalnış fikir formalaşdırıla və ya dəqiq olmayan informasiya yayıla bilər. Hətta buna görə orta yaşlı və ya daha yaşlı şəxslər sosial şəbəkələrdə hər önlərinə çıxan xəbərin doğruluğunu sorğulamadan inanırlar. Bu hallardan istifadə edən şəxslərin də sayı heç də az deyil”.

T.Səmədova qeyd edib ki, buna görə də, indi peşəkar jurnalistdən gözlənilən əsas xətt sosial şəbəkələrdəki xaotik məlumat axınını süzgəcdən keçirmək və baş verənlərə dərindən təhlil edilmiş kontekst qazandırmaqdır:


“Bir sözlə, sosial şəbəkə istifadəçisi informasiyanı sadəcə ötürürsə, peşəkar jurnalist həmin informasiyanı doğrulayır, onun hüquqi və etik məsuliyyətini daşıyır və ona dəyər qatır. Bu səbəbdən də sosial şəbəkələrin inkişafı peşəkar və məsuliyyətli jurnalistikanın qiymətini daha da artırır”.