Torpağın münbitliyini qorumaq üçün nə etməli? – Ekspert açıqladı
4 mins read

Torpağın münbitliyini qorumaq üçün nə etməli? – Ekspert açıqladı

Torpaq kənd təsərrüfatının əsas istehsal vasitəsi olmaqla yanaşı, ərzaq təhlükəsizliyinin və ekoloji tarazlığın təmin edilməsində də mühüm rol oynayır. Lakin intensiv əkinçilik, eyni sahədə uzun illər ardıcıl eyni bitkilərin becərilməsi, gübrələrdən düzgün istifadə olunmaması və suvarma qaydalarına əməl edilməməsi torpağın münbitliyinin tədricən azalmasına səbəb olur. Bu isə məhsuldarlığın aşağı düşməsi ilə yanaşı, gələcək nəsillər üçün torpaq ehtiyatlarının qorunmasını da risk altına salır.

Bəs torpağın münbitliyini uzunmüddətli dövrdə qorumaq üçün fermerlər hansı aqrotexniki qaydalara əməl etməlidirlər? Mütəxəssislər torpağın sağlamlığını qorumaq üçün hansı tədbirləri vacib hesab edirlər?

Mövzu ilə bağlı Canlixeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Arif Nuriyev bildirib ki, torpağın münbitliyinin qorunması üçün müəyyən qaydalara əməl edilməlidir:

“Bu qaydalardan biri növbəli əkin prinsipi qaydasıdır. Növbəli əkin prinsipi dedikdə bir bitkini eyni sahədə əkməmək nəzərdə tutulur. Yəni eyni bitki sahədə hər il əkildikdə torpağın münbitliyi azalır. Torpaq eroziyasının qarşısını almaq münbitliyi qoruyan şərtlərdən biridir. Eroziyaya uğramış torpaq sahələrində meşə zolaqları salmaq, həmin yerlərdə ağac əkmə aksiyaları keçirmək lazımdır ki, torpaq eroziyadan azad olunsun və öz münbitliyinin qoruyub saxlaya bilsin”.

Ekspert qeyd edib ki, torpağın münbitliyini qorumaq üçün vacib məsələlərdən biri də üzvi və mineral gübrələrin həddin artıq çox verilməməsidir:

“Çünki torpaq sahəsinə həddən artıq üzvi və mineral gübrə verildikdə öz münbitliyini itirir. Buna görə də bu növ gübrələrin verilməsi qaydasını bilmək və normal səviyyədə vermək lazımdır. Bir də qeyd etmək olar ki, hərhansı bitki üçün ayrılmış sahədə hansı bitkinin əkilə biləcəyinə diqqət etmək lazımdır. Bunun üçün də müəyyən vaxtlarda müntəzəm olaraq laboratoriyalarda torpaq analizləri aparmaq lazımdır. Bu analizlər nəticəsində hansı bitkinin hansı torpağa uyğun əkilib becərilə biləcəyi məlum olur. Bu analizlərin aparılması, müntəzəm olaraq yerinə yetirilməli olan vacib məsələlərdən hesab edilir”.

Ekspert sonda qeyd edib ki, suvarmaya yararlı torpaq sahələrində həddən artıq suvarma olduqda torpağın daxili qatlarında müəyyən çatlar əmələ gəlir:

“Əmələ gələn çatlar nəticəsində torpağın münbitliyi öz səviyyəsini dəfələrlə aşağı sala bilir. Bunun üçün də suvarma zamanı ehtiyac olan qədər su verilməsinə diqqət edilməlidir. Həddən artıq suvarma torpaq üçün təhlükə yaradır. Suvarma, erroziyanın qarşısını almaqla yanaşı torpaqda müəyyən alaq otlarının təmizlənməsi, zərərverici həşəratlardan qorunması da vacib amillərdən biri hesab edilə bilər. Torpağın münbitliyi üçün qeyd olunan məsələləri nəzərə alsaq, torpaq öz münbitliyini qoruyub saxlaya bilər”.