Nadir “Porsche” rekord qiymətə satıldı
1 min read

Nadir “Porsche” rekord qiymətə satıldı

İstehsalı dayandırılmış “Porsche 911 GT2 RS” modeli “Bring a Trailer” hərracında rekord qiymətə – bir milyon dollara satılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə “Carscoops” məlumat yayıb.

Avtomobilin bu qədər yüksək qiymətə satılmasının bir neçə səbəbi var. Əvvəla, o, demək olar ki, istifadə edilməyib – istehsal olunduğu vaxtdan indiyədək cəmi 954 kilometr yol qət edib.

Bundan başqa, avtomobil 18 min dollar dəyərində olan “Weissach” paketi ilə təchiz edilib. Bu paket yüngülləşdirilmiş konstruksiya elementlərini özündə birləşdirir və modeli yarış trekləri üçün daha uyğun edir.

Qiymətə təsir edən amillərdən biri də kuzovun nadir bənövşəyi metal rəngidir. Məhdud sayda istehsal olunan “Porsche” modellərində qeyri-adi rənglər kolleksiyaçılar arasında yüksək qiymətləndirilir və avtomobilin ikinci əl bazarındakı dəyərini əhəmiyyətli dərəcədə artırır.

Qeyd edək ki, “Porsche 911 GT2 RS” 700 at gücündə iki turbokompressorlu 3.8 litrlik mühərriklə təchiz olunub. Yeni hibrid “Porsche 911 Turbo S” təqdim edilənədək bu model markanın ən güclü seriya avtomobili hesab olunurdu.