Azərbaycanda SMM agentlikləri nə dərəcədə nəticə verir? – MÜSAHİBƏ
Azərbaycanda rəqəmsal ekosistem kəmiyyət baxımından sürətlə böyüsə də, keyfiyyət və strateji dərinlik hələ də ən çox müzakirə olunan mövzulardan biridir. Bu gün sosial şəbəkələrdə demək olar ki, hər bir biznes və dövlət strukturu aktivdir, lakin bu aktivliyin nə dərəcədə effektiv olması sual altındadır. Səhifələr rəngbərəng dizaynlarla doludur, amma bizneslərin satış rəqəmləri, qurumların isə vətəndaşla ünsiyyəti eyni sürətlə inkişaf edirmi?
Canlixeber.com olaraq bazardakı şablonlaşma problemini, rəqəmsal dünyadakı yeni qlobal təhlükələri və dövlət-vətəndaş kommunikasiyasının effektiv rəqəmsal modelini rəqəmsal marketinq mütəxəssisi Həsən Hüseynsoy ilə müzakirə etdik.
“Eyni post strukturu həm bankda, həm restoranda tətbiq olunur”
Sual: Həsən bəy, bu gün sosial şəbəkələrdə böyük bir vizual sıxlıq var. Demək olar ki, hər bir brend gün ərzində bir neçə post paylaşır. Kənardan baxanda hər şey yolunda görünür, bəs daxildə mənzərə necədir?
Həsən Hüseynsoy: Kənardan görünən o “aktivlik” çox vaxt bizi aldadır. Çünki rəqəmsal dünyada aktiv olmaq, hələ effektiv olmaq demək deyil. Hazırda Azərbaycan SMM bazarında ən böyük xəstəlik məzmunun biznesin real məqsədindən deyil, sadəcə “paylaşım vərdişindən” doğmasıdır. Bizneslər elə bilir ki, səhifədə hər gün nəsə paylaşılmalıdır. Nəticədə isə eyni tipli vizuallar, eyni tip şablon cümlələr dövriyyəyə girir.
Təbii ki, bütün agentlikləri və komandaları eyni tərəziyə qoymaq büyük haqsızlıq olar. Ölkəmizdə qlobal trendləri mükəmməl oxuyan, dataya əsaslanan və unikal strategiya quran çox keyfiyyətli peşəkarlarımız var. Lakin kütləvi tendensiyada şablon yanaşma çox açıq görünür. Təsəvvür edin, eyni post strukturu, eyni müraciət dili həm bankda, həm restoranda, həm də bir təhsil layihəsində təkrarlanır. Halbuki bu sahələrin auditoriyası, insanların qərarvermə mexanizmi və gözləntiləri tamamilə fərqlidir. Biz SMM-i sosial media marketinqi kimi yox, “sosial media mexanikası” kimi idarə etməyə çalışırıq, bu isə fərqlilik yaratmır.
“İnternet sürətlə ‘AI Slop’ – yəni süni intellekt zibili ilə dolur”
Sual: Biznes rəhbərləri adətən SMM-ə böyük ümidlərlə büdcə ayırırlar. Bu investisiyanın qarşılığında onların aldığı nəticə niyə gözləntiləri doğrultmur? Süni intellekt (AI) bu şablonlaşmanı bir az da sürətləndirirmi?
Həsən Hüseynsoy: Bizneslər satış, real müraciət, tanınma və etibar gözləyir; onlara təqdim olunan isə sadəcə “vizual baxımdan yaxşı görünən, amma içi boş kontent” olur. Məsələn, bir klinika bəzəkli bir dizayn paylaşır və üzərinə “sağlamlığınız bizim üçün önəmlidir” yazır. Bu cümlə artıq heç bir istehlakçıya təsir etmir. Yerli auditoriya daha səmimi, konkret və praktik mesaj istəyir. İnsanlara o xidmətin onların hansı problemini, necə həll edəcəyini göstərmək lazımdır. Məhsulun və ya xidmətin üstünlüyünü izah etmədən, sadəcə estetik şəkillər paylaşmaqla biznesə real təsir göstərmək qeyri-mümkündür. Səhifə aktiv qalır, amma kassa boş olur.
Süni intellekt məsələsinə gəldikdə isə, AI işimizi dəfələrlə sürətləndirən möhtəşəm bir alətdir. Kampaniyalar zamanı fərqli auditoriyalar üçün mətn variantları hazırlayanda, ideya beyin fırtınası edəndə biz də ondan çox geniş istifadə edirik. Lakin ondan düzgün istifadə etməyəndə çox təhlükəli bir tendensiya yaranır. Qərb rəqəmsal dünyasında hazırda iki böyük termin müzakirə olunur: “Ölü İnternet Nəzəriyyəsi” (Dead Internet Theory) və “Süni İntellekt Zibili” (AI Slop).
“Ölü İnternet Nəzəriyyəsi” iddia edir ki, artıq internetdəki kontentlərin böyük hissəsini insanlar yox, botlar istehsal edir və yenə botlar bəyənir. “AI Slop” isə heç bir keyfiyyəti, estetikası və strateji dəyəri olmayan, sadəcə süni intellektə sürətlə yazdırılıb səhifələrə doldurulan ruhsuz, mexaniki mətnlər və vizuallardır. Bizdə də bəzi mütəxəssislər tənbəllik edib AI-ın çıxardığı o şablon mətnləri birbaşa səhifələrə köçürürlər. Əgər marketinqinizin əsas mesajı, strateji bünövrəsi yoxdursa, süni intellekt sizə sadəcə o zəif ideyanı daha səliqəli formada təqdim edəcək. Yəni, fərdilik itir və internet “AI slop” ilə dolur. AI düşünməyi əvəz etməməlidir, o sadəcə yaradıcı bir tərəfdaş olmalıdır.
“İcra hakimiyyətlərinin gördüyü işlər rəqəmsal platformalarda daha interaktiv çatdırıla bilər”
Sual: Müasir idarəetmədə rəqəmsal kommunikasiya həm də dövlət qurumları və regional strukturlar üçün bir zərurətə çevrilir. Sizcə, dövlət-vətəndaş münasibətlərində sosial medianın rolu necə tənzimlənməlidir?
Həsən Hüseynsoy: Dövlət qurumları, mərkəzi xidmət strukturları və vətəndaşla birbaşa təmasda olan regional İcra Hakimiyyətləri üçün sosial media hazırda ən operativ və şəffaf ictimai əlaqə kanalıdır. Bu gün yerli icra hakimiyyətlərinin rəqəmsal platformalarda təmsilçiliyi çox önəmlidir və bu istiqamətdə müəyyən fəallıq görünür.
Lakin rəqəmsal trendlər tələb edir ki, bu platformalar təkcə rəsmi protokolları, qəbulları və ya aylıq hesabatları əks etdirən birtərəfli elan lövhəsi kimi qalmasın. Vətəndaş rəqəmsal əsrdə daha canlı, dinamik və operativ ünsiyyət axtarır. Məsələn, rayonda və ya şəhərdə görülən abadlıq işləri, parkların yenilənməsi, yol təmiri, infrastruktur dəyişiklikləri və ya keçiriləcək mədəni tədbirlər barədə xəbərlər vətəndaşa daha anlaşıqlı, vizual olaraq zəngin və interaktiv formatda çatdırıla bilər.
Sosial media icra hakimiyyətləri və bələdiyyələr üçün həm də vətəndaş məmnuniyyətini ölçmək, rəyləri vaxtında analiz etmək və ictimai dialoqu gücləndirmək üçün mükəmməl köməkçidir. Burada əsas məqsəd sadəcə post paylaşmaq deyil, dövlət-vətəndaş münasibətlərindəki o səmimi və şəffaf körpünü rəqəmsal müstəvidə daha da möhkəmləndirməkdir.
Sual: Bu cür geniş təsir gücü olan dövlət və ictimai kommunikasiyası zamanı hansı məhdudiyyətlər və hüquqi çərçivələr nəzərə alınmalıdır?
Həsən Hüseynsoy: Ən vacib məsələ platforma siyasətlərinə və hüquqi qaydalara tam uyğunluqdur. Xüsusilə siyasi çalarlı məzmunlar, seçki dövrlərindəki kommunikasiya və ya ictimai rəyə birbaşa təsir edə biləcek paylaşımlarda çox həssas və diqqətli olunmalıdır. Məsələn, bir dövlət strukturu və ya bələdiyyə həyata keçirdiyi ictimai layihəni təqdim edərkən şəffaf informasiya verməlidir, lakin bu kommunikasiya siyasi təbliğat müstəvisinə keçməməlidir. Rəqəmsal platformalarda əsas məqsəd insanları manipulyasiya etmək yox, onlara aydın, dürüst və şəffaf məlumat çatdırmaqdır.
“Fərqi yaradan paylaşımların çoxluğu deyil, strategiyanın dərinliyidir”
Sual: Sonda, Azərbaycan rəqəmsal bazarının növbəti addımı nə olmalıdır? Biz “SMM” anlayışını gələcəkdə harada görməliyik?
Həsən Hüseynsoy: Sosial media artıq sadəcə bir marketinq aləti deyil; bura həm satış, həm ictimai ünsiyyət, həm də reputasiya idarəetmə mərkəzidir. Növbəti mərhələdə biz kəmiyyət yarışını – yəni post sayını, mənasız laykları – kənara qoyub, tamamilə strateji düşüncəyə keçməliyik. Brendlər sadəcə “görünmək” üçün yox, yadda qalmaq və real nəticə yaratmaq üçün büdcə ayırmalıdırlar.
