Türkiyədə fond qalmaqalı: “Dünya” qəzetinin sahibi saxlanıldı
Türkiyədə kapital bazarlarında aparılan əməliyyatlarla bağlı davam edən fond araşdırması çərçivəsində “Dünya” qəzetinin sahibi Umut Güner saxlanılıb.
Canlixeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində Umut Günerin saxlanılması qəzetin daxil olduğu “Dünya Holding”lə “Bulls Yatırım Holding” arasındakı tərəfdaşlıq münasibətləri ilə əlaqədar olduğu iddia edilir.
Araşdırmada iki holdinq arasındakı kapital əlaqələri də diqqət çəkib. Məlumata görə, “Bulls Yatırım Holding”in “Dünya Holding”də 20.45 faiz payı var.
Bundan əvvəl Türkiyə Kapital Bazarları Şurasının “Bulls Portföy”ün idarəçiliyində olan 15 fondun ləğvi barədə qərar qəbul etdiyi bildirilmişdi. Bu hadisələrdən sonra iki holdinq arasındakı tərəfdaşlıq əlaqələrinin də istintaq çərçivəsində araşdırıldığı iddia olunur.
İqtisadiyyat sahəsində uzun illərdir fəaliyyət göstərən “Dünya” qəzeti 2024-cü ildə Umut Güner tərəfindən satın alınmışdı.
