36 il ərzində cəmi 965 km sürülən nadir “Aston Martin Vantage Zagato” satışa çıxarılıb
Böyük Britaniyada 1990-cı il istehsalı olan nadir “Aston Martin Vantage Zagato” superkarı aşkarlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə “Carscoops” saytı məlumat yayıb.
Məlumata görə, 36 il ərzində avtomobil cəmi 965 kilometr yol qət edib.
Bildirilir ki, “Aston Martin Vantage Zagato” 1990-cı ildə alındıqdan sonra çox az istifadə olunub və daha sonra 30 ildən artıq müddətdə qızdırılan qarajda saxlanılıb.
Avtomobil demək olar ki, yeni vəziyyətdə qalıb. Onun kuzovu, salonu və mühərriki tam qorunub. Buna baxmayaraq, yaxın zamanda texniki baxışdan keçirilib, işlək mayelər və şlanqlar yenilənib.
Bundan əlavə, avtomobilin asqı sistemi, əyləcləri və kondisioneri də yoxlanılıb. Hazırda nadir superkar üçün yeni sahib axtarılır. Kolleksiya vəziyyətində olan “Aston Martin Vantage Zagato”nun qiymətinin 500 min dollara qədər yüksələ biləcəyi bildirilir.
Qeyd edək ki, “Aston Martin Vantage Zagato” kolleksiya avtomobilləri arasında ən nadir modellərdən biri hesab olunur. Bu modeldən 1986-1990-cı illər ərzində cəmi 52 ədəd istehsal edilib. Onun əsas fərqi italyan “Zagato” dizayn studiyası tərəfindən hazırlanmış xüsusi kuzov dizaynıdır.
Kupe standart “Aston Martin V8 Vantage” modelindən daha qısa və yüngül hazırlanıb. Avtomobil 432 at gücünə malik 5.4 litrlik V8 mühərriklə təchiz edilib. O, dövrünün ən sürətli avtomobillərindən biri hesab olunurdu: 100 km/saat sürətə cəmi 5 saniyəyə çatır, maksimal sürəti isə 300 km/saat təşkil edir.
